Wall Street briefi: Nvidia yüksəlir, FICO çökür — bazarda əsas hərəkətlər
👋🏻Salam!

Gününüz uğurlu keçsin. Mənim adım Ayxandır. Bu dəfə icmalı mən sizə təqdim edəcəm.

Bəzən biz fundamental məsələrəin üstündən çox üstən gedirik, fokuslana bilmirik və sonda bilirsiniz də nə olur?!😁 Keçək vacib məqamlara. Wall Street-də bu gün kifayət qədər hərəkətli sessiyadır. İstiqraz gəlirlilikləri yenidən bazara təzyiq edir, amma ayrı-ayrı şirkətlərdə ciddi hərəkətlər var. Əsas məqamları qısa topladıq:
▫️ Nvidia (NVDA) +0.8% — şirkətin əlavə 150 mlrd. dollarlıq səhm geri alışı investorların diqqətindədir. Bununla Nvidia-nın mövcud geri alış limiti 235 mlrd. dollara çatıb. Çip nəhəngi zəif ümumi bazara qarşı müsbət qalır.
▫️ AMD (AMD) +0.9% — şirkət AI startapı World Labs-i 8.2 mlrd. dollara alır. Bazar sövdələşməni AMD-nin süni intellekt modelləri və infrastrukturu sahəsində mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirir.
▫️ Fair Isaac (FICO) təxminən -26% — günün ən böyük çöküşlərindən biridir. ABŞ ipoteka bazarında FICO-ya alternativ olan VantageScore üçün imkanların genişlənməsi şirkətin uzunmüddətli dominant mövqeyini riskə atıb.
▫️ CarMax (KMX) +6% — rüblük nəticələr gözləntiləri üstələyib. Gəlir 20% artaraq 7.9 mlrd. dollara çatıb, şirkət həmçinin səhm geri alışlarını bərpa etməyə hazırlaşır.
▫️ Carnival (CCL) təxminən +12% — kruiz operatoru rekord 8.4 mlrd. dollarlıq rüblük gəlir açıqlayıb. Güclü rezervasiyalar və səyahət tələbi səhmləri yuxarı çəkib.
▫️ Bloom Energy (BE) təxminən +12% — istehsal imkanlarının genişləndirilməsi və analitiklərin müsbət rəyləri fonunda kəskin bahalaşıb. AI data-mərkəzlərinin yüksək enerji tələbatı şirkətə marağı artıran əsas mövzulardandır.
▫️ Apple (AAPL) təxminən -1.9% — yüksək istiqraz gəlirlilikləri iri texnologiya şirkətlərinə yenidən təzyiq göstərir. Apple Dow Jones-un bugünkü enişinə ən böyük mənfi təsir göstərən şirkətlərdən biridir.
▫️ Walmart (WMT) təxminən -2.7% — gün ərzində Dow Jones-a ən çox təzyiq edən səhmlərdən biri olub. Consumer staples sektoru ümumilikdə zəifdir.
Bazarın ümumi mənzərəsi: Dow təxminən 0.5%, S&P 500 0.2% aşağıdır, Nasdaq isə cüzi mənfidədir. ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 5.28%-ə qədər yüksələrək 2007-ci ildən bəri ən yüksək səviyyələrə çatıb. Bu, xüsusilə yüksək qiymətləndirilən səhmlər üçün əsas risk olaraq qalır.
Bugünkü əsas fikir: bazar bütövlükdə riskdən qaçır, amma pul tamamilə səhmlərdən çıxmır — Nvidia və AMD kimi AI/çip adlarında seçici alış davam edir.
Mənbələr: Reuters, Barron’s, The Wall Street Journal, MarketWatch, Yahoo Finance.


ETF-lər

Səhmlərlə yanaşı, bu dəfə ETF-lərə də qısa nəzər salaq. ETF bir şirkətə deyil, bütöv indeksə, sektora və ya aktiv qrupuna yatırım etməyə imkan verir. Yəni risk adətən ayrı-ayrı səhmlərlə müqayisədə daha geniş yayılır.
Hazırkı bazarda əsas məsələ budur: ABŞ istiqraz gəlirlilikləri çox yüksəkdir, neft $100-dan yuxarıdır, Fed-dən əlavə faiz artımı gözləntiləri güclənib, amma AI və iri texnologiya şirkətləri indeksləri hələ də dəstəkləyir. Reuters-in məlumatına görə, 10 illik ABŞ istiqraz gəlirliliyi 29 sentyabrda 5.278%-ə çataraq 2007-ci ildən bəri ən yüksək səviyyəni görüb.
▫️ SPDR S&P 500 ETF — SPY
Bu, ən sadə və məşhur variantlardan biridir. S&P 500-dəki ABŞ-ın 500 böyük şirkətini izləyir — Nvidia, Microsoft, Apple, Amazon, Meta və digərləri daxil olmaqla.
Nəyə görə maraqlıdır? Uzunmüddətli investor üçün bir şirkəti seçmək əvəzinə ABŞ-ın böyük bizneslərinə toplu şəkildə yatırım imkanı verir.
Mümkün ssenari: yaxın müddətdə yüksək istiqraz gəlirlilikləri SPY üçün təzyiq yarada bilər. Üstəlik, bazarın yüksəlişi hazırda az sayda iri texnologiya şirkətindən çox asılıdır. MarketWatch qeyd edir ki, bazarın “daxili genişliyi” zəifləyib. Amma gəlirlər güclü qalsa və istiqraz gəlirlilikləri geri çəkilsə, SPY yenidən daha rahat yüksəliş əldə edə bilər.
Risk: Orta.
▫️ Invesco Nasdaq-100 ETF — QQQ
QQQ daha çox texnologiya və böyümə şirkətlərinə fokuslanır. Nvidia, Microsoft, Apple, Broadcom, Meta kimi şirkətlərin çəkisi böyükdür.
Nəyə görə maraqlıdır? AI mövzusu davam edərsə, ən çox faydalanan əsas ETF-lərdən biri ola bilər.
29 sentyabrda ümumi bazar zəifləsə də, yarımkeçirici indeksinin 1.8% yüksəlməsi AI mövzusunda pulun hələ də bazarda olduğunu göstərdi.
Mümkün ssenari: istiqraz gəlirlilikləri sabitləşərsə QQQ yenidən SPY-dən daha güclü hərəkət edə bilər. Amma 10 illik gəlirlilik 5.3%-dən də yuxarı qalxarsa, yüksək qiymətləndirilən texnologiya şirkətlərində satış riski böyükdür.
Risk: Orta-yüksək.
▫️ Vanguard Total Stock Market ETF — VTI
VTI yalnız iri şirkətləri deyil, ABŞ bazarındakı minlərlə böyük, orta və kiçik şirkəti əhatə edir.
Nəyə görə maraqlıdır? “Hansı şirkət qalib olacaq?” sualını vermədən ABŞ səhm bazarının demək olar hamısını almağa imkan verir.
Hazırda bunun bir üstünlüyü də var: S&P 500 rallisi iri texnologiya şirkətlərində həddən artıq cəmlənib. VTI daha geniş diversifikasiya verir.
Mümkün ssenari: bazar rallisi texnologiyadan banklara, sənayeyə və kiçik şirkətlərə yayılarsa VTI üçün daha sağlam mühit yaranar. Əksinə, bazarı yalnız mega-cap texnologiya şirkətləri daşımağa davam edərsə QQQ və SPY daha güclü görünə bilər.
Risk: Orta.
▫️ iShares Russell 2000 ETF — IWM
IWM ABŞ-ın kiçik kapitallı şirkətlərini izləyir.
Burada vəziyyət bir qədər fərqlidir. Kiçik şirkətlər borclanma faizlərinə böyük şirkətlərdən daha həssasdır.
Mümkün ssenari: hazırkı 5%+ istiqraz gəlirliliyi IWM üçün yaxşı mühit deyil. Fed əlavə faiz artırarsa kiçik şirkətlər təzyiq altında qala bilər. Ancaq iqtisadi göstəricilər zəifləyib faiz gözləntiləri aşağı düşərsə, IWM sürətli rebound edə biləcək ETF-lərdən biridir.
Risk: Yüksək.
▫️ iShares 20+ Year Treasury Bond ETF — TLT
TLT uzunmüddətli ABŞ dövlət istiqrazlarını izləyir.
İlk baxışdan dövlət istiqrazı təhlükəsiz görünür, amma uzun müddətli istiqrazların qiyməti faiz dəyişikliklərinə çox həssasdır.
Hazırda məhz bu fond üçün ağır mühit yaranıb. Qlobal istiqraz satışı güclənib və uzunmüddətli faizlər çoxillik maksimumlara çıxıb. MarketWatch-a görə, istiqraz ETF-ləri sentyabrda ciddi itkilərlə üzləşib.
Mümkün ssenari: Fed faiz artımını dayandırsa və ya iqtisadiyyat kəskin zəifləsə, TLT ciddi yüksəliş potensialına malik ola bilər. Ancaq gəlirliliklər daha da artsa, fond aşağı düşməyə davam edə bilər.
Risk: Hazırda orta-yüksək.
▫️ SPDR Gold Shares — GLD
GLD qızıl qiymətini izləyən ən böyük ETF-lərdən biridir.
Qızıl adətən geosiyasi risk və inflyasiya dövründə qoruyucu aktiv sayılır. Amma burada problem var: yüksək real faizlər qızıl üçün mənfidir.
Qızıl 28 sentyabrda təxminən 4% çökərək yeddi həftənin minimumuna düşüb. Əsas səbəblər güclü dollar, yüksək istiqraz gəlirlilikləri və Fed-in faiz artımı gözləntiləridir.
29 sentyabrda isə qiymət təxminən 1% rebound edib.
Mümkün ssenari: Yaxın Şərqdə gərginlik artsa və ya faizlər geri çəkilsə GLD yenidən güclənə bilər. Əksinə, ABŞ gəlirlilikləri yüksəlməyə davam edərsə qızılda əlavə düzəliş mümkündür.
Risk: Orta.
▫️ Energy Select Sector SPDR — XLE
XLE ExxonMobil, Chevron və digər böyük ABŞ enerji şirkətlərini özündə birləşdirir.
Hazırkı makro mühitdə ən maraqlı sektor ETF-lərindən biridir. Brent nefti $100-dan yuxarı qalır və Yaxın Şərqdə təchizat riski neft şirkətlərinin gəlirləri üçün əlverişli şərait yaradır. Reuters-in məlumatına görə, neft qiymətlərinin yüksəlməsi eyni zamanda inflyasiya və faiz riskini artırır.
Mümkün ssenari: Brent $100–110 ətrafında qalarsa XLE digər sektorların böyük hissəsindən daha dayanıqlı qala bilər. ABŞ–İran gərginliyi azalaraq neft kəskin ucuzlaşarsa, XLE-də də satış yarana bilər.
Risk: Orta-yüksək və neft qiymətindən çox asılıdır.
▫️ Technology Select Sector SPDR — XLK
XLK ABŞ-ın iri texnologiya şirkətlərinə fokuslanır və QQQ-dan bir qədər daha “təmiz” texnologiya ekspozisiyası verir.
Mümkün ssenari: AI investisiyalarının davam etməsi XLK üçün əsas müsbət katalizatordur. Amma burada da ən böyük risk istiqraz gəlirliliyidir. Hazırda texnologiya sektorunun bazarı daşıması ilə yanaşı, digər səhmlərin zəif qalması bazarın getdikcə daha dar bir qrup şirkətdən asılı olduğunu göstərir.
Risk: Orta-yüksək.
Qısaca necə düşünmək olar?
SPY/VTI — uzunmüddətli, geniş bazar üçün.
QQQ/XLK — AI və texnologiya rallisinin davam edəcəyinə baxanlar üçün, amma daha yüksək volatilliklə.
IWM — faizlərin gələcəkdə aşağı düşməsinə mərc kimi daha maraqlı ola bilər.
XLE — yüksək neft qiymətləri və Yaxın Şərq riskindən faydalana bilər.
GLD — geosiyasi hedge, amma hazırda yüksək faizlər ciddi əks-küləkdir.
TLT — faizlər zirvəyə yaxınlaşırsa maraqlı ola bilər; faizlər yüksəlməyə davam edərsə isə ən riskli seçimlərdəndir.
Hazırda mənzərənin əsas açarı ABŞ istiqraz gəlirlilikləridir. 10 illik gəlirlilik 5.278%-ə qədər yüksəlib. Bunun aşağı düşməsi QQQ, XLK, IWM, GLD və TLT üçün müxtəlif dərəcədə müsbət ola bilər; daha da yüksəlməsi isə xüsusilə uzunmüddətli istiqrazlar və bahalı growth səhmləri üçün təzyiq deməkdir.
Bu, investisiya tövsiyəsi deyil; bazardakı əsas ETF-lərin mövcud risk və katalizatorlarının qısa xəritəsidir.
Mənbələr: Reuters, MarketWatch və bazar məlumatları.
Bu günlük hələlik! Bol qazanclar!

